''Prezidentin qərarı var ki, uşağı qudurğanlıq edən məmuri qovulsun, amma...'' - Şəhid qızını öldürən hansı məmurun oğludur? (FOTOLAR)

''Prezidentin qərarı var ki, uşağı qudurğanlıq edən məmuri qovulsun, amma...'' - Şəhid qızını öldürən hansı məmurun oğludur? (FOTOLAR)

Zərərçəkən Bəsti Qədimova: “Tank boyda maşını 17 yaşlı ”prava"sız uşağa verib..."

“Qızımı hadisə yerində qoyub qaçmasaydılar, bəlkə də bu gün sağ olardı. Əmirullanın 55 yaşı var, o, mənim qızımı maşınla vursaydı, hadisə yerində köməksiz qoyub qaçmazdı. O, sürücüdür, qızımı vuran 17 yaşlı Rəhim adlı  gəncdir, Bakı Dövlət Universitetinin 1-ci kursunda oxuduğu deyilir” - redaksiyamıza müraciət edən Bakı şəhər sakini Bəsti Qədim qızı Qədimova deyir.

B.Qədimovanın qızı 1975-ci il təvəllüdlü Könül Elton qızı Əkbərovanın dünyasını dəyişdiyi qəza noyabrın 8-də,  19:30-da Bayraq meydanı yaxınlığında baş verib. “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil K.Əkbərovanı vurub. 3 uşaq anası olan qadın hadisə yerində keçinib.

“Qəzanı törədib və maşını orada qoyaraq qaçıb”

Besti Qedimova.jpg (1.24 MB)

“Qızımı maşınla vuran şəxs maşını orada qoyub və hadisə yerindən qaçıb. Sonradan bildik ki, həmin maşını Rəhim adlı 17 yaşlı bir oğlan idarə edib. Onlar 3-4 maşınla Salyan şosesində yerləşən ”Manqal" restoranına gedirmişlər. Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar" - gözü yaşlı B.Qədimova belə deyir.

“Qəza olan ərazidə 10 kamera var, onlardan birinin görüntülərinı çıxarıb bizə göstərin”

Qızını itirən ana iş üzrə aparılan istintaqdan da narazıdır: “Səbayel Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov 20 gündür ki, qəzanı törədən o uşağı ortaya çıxarmır. Bu haqda daxili işlər naziri Ramil Usubova da şikayət etmişik. Müstəntiq Vüqar Abbasov həmin şəxsin kimliyini bilir və onu gizlədir. Müstəntiq qızımın 3 mərasimində evimizə 1 nəfər yollayıb. Deyib ki, guya qəzanı həmin adam törədib. Yasa gələn 1962-ci il təvəllüdlü Əmirulla Şahbaz oğlu Şahlarov oldu. Müstəntiq dedi ki, bu adamın 2 xəstə uşağı var, yazın ki, ondan şikayətçi deyilsiz. Biz də dedik ki, bir şərtlə ərizə yaza bilərik - qəza olan ərazidə 10 kamera var, onlardan birinin görüntülərinı çıxarıb bizə göstərin. Bilək ki, qəzanı kim törədib. Törədəndən sonra qızıma yardım göstəribmi?”

Zərərçəkən deyir ki, qızına vaxtında tibbi yardım göstərilsəydi, bəlkə dünyasını dəyişməzdi: “Başa düşürük ki, qəza qəsdlə törədilməyib. Əgər həmin adam qəzadan dərhal sonra qızıma ilkin tibbi yardım göstərsəydi, onu xəstəxanaya çatdırsaydı, bəlkə heç dünyasını dəyişməyəcəkdi? Bizə kamera görüntüsünü göstərmirlər. Müstəntiq görüntüləri bizdən gizlədir”.

“Bu adamların vicdanları yoxdur ki, gəlib desinlər qəzadır baş verib, dərdimizə şərik olsunlar?”

IMG-20171127-WA0000.jpg (67 KB)

Gözü yaşlı ana deyir ki, qızının 3 övladı yetim qalıb: “Könülün həyat yoldaşı 1992-ci ilin aprelində Şuşada şəhid olub. O, təkbaşına 3 övladını saxlayırdı. Hazırda oğlu hərbi xidmətdədir. Oğlum da 2 il əvvəl dünyasını dəyişib. İndi də qızımı belə itirdim. 2 oğlumun, 3 qızımın uşağı üstümdə qalıb. Bu adamların vicdanları yoxdur ki, gəlib desinlər qəzadır baş verib, dərdimizə şərik olsunlar? Gəlmədilər, Əmirulla bunların sürücüləridir, onu göndərdilər. Qəzanı törədən Rəhim adlı, 17 yaşlı uşağı isə qaçırıblar. Əmirullaya da sonradan həmin maşına etibarnamə da alıblar. Bu adam guya 4 ildir ki, bunların sürücüsüdür. Müstəntiqə israrla həmin Rəhimi ortaya çıxarmasını tələb etdik. Dedik ki, qəzanı törədən Əmirulla deyil. Müstəntiq dedi ki, bu haqda heç hara yazıb eləməyin, qəzanı Əmirulla törətməyib, törədən bir qudurmuşun balasıdır. Həmin gün axşam müstəntiq yenidən qardaşıma zəng edib çağırırdı ki, gəlin barışıq ərizəsi yazın. Getmədik, dedik ki, Rəhim ortaya çıxarılmayana qədər barışıq ərizəsi yazan deyilik.

“Dərdimizi kimə deyək?”

Mehriban xanım Əliyevaya, baş prokuror Zakir Qaralova da şikayətlər yazmışam. Qardaşım prokurorun yanına da gedib. Orada müstəntiq prokurorun yanında deyib ki, qəza zamanı hadisə yerində 4 qardaş olublar. Birinin 17, digərinin 18, o birilərinisə yaşını müəyyən etmədiyi oğlanlar olub. Müstəntiq deyib ki, guya araşdırma aparır. Bu söhbətin üstündən 4 gün sonra yenidən müstəntiqin yanına getmişəm. Deyir ki, qəza zamanı orada 1 nəfər olub, 17 yaşlı oğlan. Kimliyini gizlədir. Deyirəm, niyə saxlamırsız, cavab verir ki, getdim, valideynləri bildirdilər ki, uşağın harada olduğunu bilmirlər. Müstəntiq onlara yol göstərir ki, uşağı çıxarın aradan. Bunu özünə də dedim. Əgər uşaq yoxdursa, atasını istintaqa cəlb etsinlər. Tank boyda maşını 17 yaşı olan, “prava”sız uşağa verib, uşaq da qəza törədib. Ata buna görə məsuliyyət daşıyır. Məgər müstəntiq bunu bilmir? Tələb edirəm, deyir ki, atasını buna görə 200-300 manat cərimələyə bilərik. Axır müstəntiqə dedim ki, qızımı da qəbirdən çıxaraq, bizi də tut apar sal içəri. O adamlara da çox sağ ol deyin ki, belə bir hadisə törədiblər. Biz nə edək? Dərdimizi kimə deyək?"

IMG-20171127-WA0001.jpg (40 KB)

“Belə də qanunsuzluq, Allahsızlıq olar?”

B.Qədimova deyir ki, nəvəsi hər gün anasını maşınla vuranın tutulub-tutulmaması ilə maraqlanır: “Könülün oğlu əsgərlikdədir. 42 yaşlı anasını maşın vurub öldürdü, komandirlərinə zəng edib dedik ki, deyin nənəsi ölüb, buraxın gəlib yasda iştirak etsin. 4 günlük buraxdılar. Gəldi, gördü ki, anasını öldürüblər. İndi də zəng edir ki, nə oldu, anamı öldürəni saxladılar? Gedənə qədər də hər kəsdən soruşurdu ki, tapmırlar bunu. Hərbidədir, oradan qaçıb gəlsin, özü axtarsın, özü haqq-hesab çəksin anasını öldürənlə? Belə də qanunsuzluq, Allahsızlıq olar?

“Bu adamların pulları var deyə bizlərin üstündən maşınla keçməlidirlər?”

“Bu uşağın atası yəqin ki, yüksək vəzifədə işləyir. Prezidentin də qərarı var ki, uşağı qudurğanlıq edən vəzifə sahibi işdən qovulsun, uşağı da həbs olunsun. Buna görə də uşağı gizlədir, qoruyurlar, sürücünü qabağa verib arxasında gizlənirlər. İstəmirlər ki, uşaqları həbsə getsin, özlərini də vəzifəsindən çıxarsınlar. Bizim yüksək vəzifəmiz yoxdur deyə sizin uşaqlar maşınla vurub öldürməli, məsuliyyətdən kənarda qalmalıdırlar?

Müstəntiq deyir ki, şikayət edib nəyə nail olacaqsız? 8 il qəzaya görə iş düşür, 2 il də hadisə yerindən qaçdığına görə iş verilir. 10 illik cəzanın 5 ilini 17 yaşı olduğunu görə götürəcəklər, 5 ilini də icbari verəcəklər. Müstəntiq elə danışır ki, sanki qızımı vuran uşağı tutan kimi kurorta göndərəcəklər.  Bu adamların pulları var deyə bizlərin üstündən maşınla keçməlidirlər? Araşdırmışıq, “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil bir qadının adınadır. Qızımı vuran vəzifəli adamda həmin maşının qara rəngi də var. Onun nömrə nişanı Az 90 OF 007-dir. Müstəntiq deyir ki, guya həmin adam restoran sahibidir. Kimlyindən asılı olmayaraq, məsuliyyətə cəlb olunmasını tələb edirəm. Mən və ya siz bu cinayəti törətsəydik, həbsə almazdılar?"


''Prezidentin qərarı var ki, uşağı qudurğanlıq edən məmuri qovulsun, amma...'' - Şəhid qızını öldürən hansı məmurun oğludur? (FOTOLAR)
''Prezidentin qərarı var ki, uşağı qudurğanlıq edən məmuri qovulsun, amma...'' - Şəhid qızını öldürən hansı məmurun oğludur? (FOTOLAR)
''Prezidentin qərarı var ki, uşağı qudurğanlıq edən məmuri qovulsun, amma...'' - Şəhid qızını öldürən hansı məmurun oğludur? (FOTOLAR)


Loading...

Loading...

Oxşar xəbərlər